Hər bir xalqın tarixini, milli kimliyini və gələcəyə baxışını müəyyən edən dəyərlər sistemi var. Azərbaycan xalqını vahid amal, ortaq tarix və ümumi məqsədlər ətrafında birləşdirən əsas ideoloji dayaqlardan biri də azərbaycançılıq məfkurəsidir. Bu ideya yalnız milli mənsubiyyət anlayışı ilə məhdudlaşmır, eyni zamanda dövlətə sədaqəti, Vətənə bağlılığı, milli-mənəvi dəyərlərə hörməti və ümumxalq həmrəyliyini özündə birləşdirir.

 

Azərbaycançılıq ideyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkənin qarşılaşdığı siyasi, iqtisadi və ictimai çətinliklər fonunda milli birliyin təmin olunması, cəmiyyətin dövlətçilik prinsipləri ətrafında səfərbər edilməsi xüsusi əhəmiyyət daşıyırdı.

Azərbaycançılığın əsas xüsusiyyətlərindən biri onun coğrafi sərhədləri aşan bir ideya olmasıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları doğma Vətənlə bağlayan, onların milli kimliyini qoruyan və Azərbaycan dövlətinə bağlılığını gücləndirən bu məfkurə diaspor fəaliyyətinin də ideoloji əsasını təşkil edir. Dünya Azərbaycanlılarının qurultayları, həmrəylik tədbirləri və diaspor təşkilatlarının fəaliyyəti milli birliyin beynəlxalq miqyasda möhkəmlənməsinə xidmət edir.

Bu gün azərbaycançılıq ideyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün reallıqlarına uyğun şəkildə inkişaf etdirilir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli birliyini, dövlətə və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası azərbaycançılıq məfkurəsinin əsas prinsiplərinin real həyatda təcəssümünün mühüm göstəricisi oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi də dövlətçilik və milli həmrəylik ideyalarının davamlılığını nümayiş etdirir.

Azərbaycançılıq məfkurəsinin mühüm dayaqlarından biri də milli-mənəvi irsimizin qorunmasıdır. Ana dilimiz, ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, adət-ənənələrimiz və tarixi yaddaşımız milli kimliyimizin ayrılmaz hissəsidir. Bu dəyərlərin qorunması ilə yanaşı, onların beynəlxalq miqyasda təbliği də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mədəni irsinin dünyada tanıdılması, tarixi abidələrin bərpası və mədəniyyətlərarası dialoqun təşviqi milli məfkurəmizin humanist və birləşdirici mahiyyətini daha da gücləndirir.