Mina təhlükəsi müharibələrin ən ağır və uzunmüddətli nəticələrindən biridir. Silahlı qarşıdurmalar başa çatsa da, torpaqda qalan minalar illərlə insanların həyatını təhlükə altında saxlayır, ərazilərin iqtisadi potensialının reallaşmasına və normal yaşayışın bərpasına mane olur. Azərbaycan da uzun illər davam edən işğalın nəticəsi olaraq bu problemlə üz-üzə qalıb. Qarabağ və Şərqi Zəngəzurun geniş ərazilərinin minalanması postmünaqişə dövründə ölkənin qarşısında duran əsas humanitar və təhlükəsizlik çağırışlarından birinə çevrilib.

 

Prezident İlham Əliyevin humanitar minatəmizləmə mövzusuna həsr olunmuş 4-cü Beynəlxalq Konfransın iştirakçılarına müraciətində də Azərbaycanın üzləşdiyi mina fəlakətinin miqyası xüsusi vurğulanıb. Bildirilib ki, ölkə ərazisinin 13 faizindən çoxu mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Bu təhlükə mülki əhalinin təhlükəsizliyinə, infrastruktur layihələrinin icrasına və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır.

Mina partlayışları nəticəsində minlərlə insan həyatını itirib və ya xəsarət alıb. Vətən müharibəsindən sonra da yüzlərlə Azərbaycan vətəndaşı bu təhlükənin qurbanına çevrilib. Mülki şəxslərin, hərbçilərin və minatəmizləmə əməliyyatlarında iştirak edən mütəxəssislərin həyatını itirməsi problemin aktuallığını daha da artırır. Bu baxımdan, minatəmizləmə yalnız ərazilərin təhlükəsizliyinin təmin olunması deyil, həm də insan həyatının qorunması məsələsidir.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Böyük Qayıdış strategiyası ardıcıl şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərdə yaşayış məntəqələri yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri istifadəyə verilir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 96 minə yaxın insanın yaşaması, çalışması və təhsil alması bölgədə həyatın bərpası istiqamətində görülən işlərin miqyasını göstərir. Bununla belə, təhlükəsiz yaşayışın təmin edilməsi üçün minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi vacib olaraq qalır.

Mina problemi təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmalıdır. Çünki bu təhlükənin nəticələri bir neçə nəsil boyunca davam edə, insanların təhlükəsizliyinə və sosial rifahına təsir göstərə bilər. Mina xəritələrinin dəqiqliyi, humanitar məlumatların açıqlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemin həllində mühüm rol oynayır.

Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma siyasəti doğma torpaqlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsinə yönəlib. Mina təhlükəsinə qarşı mübarizə isə bu prosesin ayrılmaz hissəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün və sabitliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.