Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin ətraf mühit, və iqlim məsələləri üzrə məsul şəxslərinin yüksəksəviyyəli dəyirmi masa keçirilib.

 

Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti şöbəsinin müdiri Fuad Hümbətov tərəfindən təmsil edilib.

İclasda çıxış edən COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türk dünyasının ortaq ekoloji problemlərinin yalnız bir ölkənin səyləri ilə həll edilə bilməyəcəyini, bu sahədə həmrəyliyin və birgə fəaliyyətin vacibliyini vurğulayıb. O, Aral dənizinin quruması, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, buzlaqların əriməsi və quraqlığın Türk dünyası üçün ciddi təhdid yaratdığını bildirib.

Nazir qeyd edib ki, 2024-cü ildə qəbul edilən Türk Yaşıl Baxışı bu istiqamətdə ortaq siyasi iradəni ifadə edir. Onun sözlərinə görə, COP29 çərçivəsində Bakıda ətraf mühit və ekologiya nazirlərinin ilk dəfə bir araya gəlməsi bu əməkdaşlığın əsasını qoyub, Astanada keçirilən ikinci toplantı isə prosesi davam etdirib.

Murat Kurum Bakıda başlanan təşəbbüslərin Antalya görüşündən sonra birgə layihələr, investisiyalar və konkret nəticələrlə genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir türk dövlətləri arasında ətraf mühit və iqlim sahəsində əməkdaşlığı şəhərsalma və investisiya sahələrinə də daşıyacaq, yeni, “TULİP” adlandırılan platforman yaradıldığını deyib. Bildirilib ki, təşəbbüs çərçivəsində türk dövlətlərinin birgə ekoloji və iqlim layihələrinin investorlar və maliyyə qurumları ilə əlaqələndirilməsi, su ehtiyatlarının idarə olunması, quraqlıqla mübarizə və erkən xəbərdarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Həmçinin investisiyaya hazır müştərək layihələr portfelinin formalaşdırılması və bu prosesə bələdiyyələrin, universitetlərin, gənclərin və sahibkarların cəlb edilməsi planlaşdırılır.

TDT-nin Baş katibi Mirvohid Azimov Türk dünyasının su qıtlığı, buzlaqların əriməsi, torpaqların deqradasiyası, Aral və Xəzər dənizləri ilə bağlı ekoloji problemlərlə üzləşdiyini, eyni zamanda, regionun böyük bərpaolunan enerji potensialına malik olduğunu bildirib. O, COP29 çərçivəsində Bakıda əsası qoyulan, Astanada davam etdirilən ekoloji əməkdaşlığın konkret layihələrlə genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş katib 2027-ci ilin TDT çərçivəsində “Təbiətin Mühafizəsi İli” elan olunması təşəbbüsünün birgə fəaliyyət üçün mühüm imkan yaratdığını qeyd edib. O, həmçinin yaşıl enerji dəhlizlərinin inkişafı, sıfır tullantı təcrübələrinin yayılması və milli iqlim planlarının investisiyaya hazır layihələrə çevrilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim siyasəti şöbəsinin müdiri Fuad Hümbətov isə çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqlim dəyişikliyi ilə mübarizə və ekoloji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə Türkiyəni və Avropa bazarlarını birləşdirən mühüm yaşıl enerji tranziti və ötürücü mərkəzə çevrilmək üçün strateji mövqeyə malik olduğunu bildirib.

Fuad Hümbətov tullantıların idarə olunması sahəsində də ölkəmizdə mühüm addımların atıldığını, 2026-cı il mayın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradıldığını və 2027–2030-cu illər üçün məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi üzrə Milli Strategiyanın hazırlandığını qeyd edib. O, Xəzər dənizinin ekoloji problemlərinin həlli, su təhlükəsizliyi, bərpaolunan enerji və iqlim layihələrinin maliyyələşdirilməsi istiqamətlərində regional əməkdaşlığın genişləndirilməsinə çağırıb. Şöbə müdiri COP31-in uğurunun yalnız bəyan edilən öhdəliklərlə deyil, konkret nəticələrlə ölçülməli olduğunu bildirib.

Digər dövlətlərin nümayəndələri də çıxışlarında mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.