Azərbaycan Ssenaristlər Gildiyasının təşəbbüsü ilə yaradılan “25-ci kadr” film müzakirə platformasının ilk görüşü olub.
Gildiyadan bildirilib ki, layihənin əsas məqsədi kino ictimaiyyətini bir araya gətirməklə peşəkar film müzakirəsi ənənəsini formalaşdırmaq, xüsusilə gənc müəllif və ssenaristlərə ekran əsərlərini dramaturji baxımdan təhlil etmək yollarını öyrətmək, həmçinin onların auditoriya qarşısında öz fikirlərini sərbəst və arqumentli şəkildə ifadə etmə bacarıqlarını inkişaf etdirməkdir.
Görüşdə 2026-cı il Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatına layiq görülmüş rejissor İlker Çatakın “Sarı məktublar” (“Gelbe Briefe”) bədii filminin peşəkar təhlili aparılıb. Almaniya, Fransa və Türkiyənin müştərək istehsalı olan bu ekran əsəri Ankarada yaşayan sənətçi cütlük- Derya və Azizin teatr premyerasından sonra üzləşdikləri siyasi təzyiqlərdən, işlərini itirmələrindən və yeni həyat qurmaq məcburiyyətində qalmalarından bəhs edir.
Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov çıxışında bildirib ki, platformada filmlərə yalnız “bəyəndim” və ya “bəyənmədim” prizmasından yanaşılmır. Burada ssenarist, rejissor, tənqidçi və aktyor eyni masa arxasında əyləşərək filmin dramaturji quruluşunu və müəllifin niyyətini təhlil edir, zalda əyləşən qonaqlar isə müzakirə prosesinin birbaşa iştirakçısına çevrilirlər.
O qeyd edib ki, insanların öyrənmək, fikir bildirmək və bu yaradıcı mühitin bir parçası olmaq istəyi layihənin əhəmiyyətini daha da artırır.
Tədbirin xüsusi qonaqları kinorejissor və ssenarist Samir Kərimoğlu, kinotənqidçi və kinoşünas Aygün Aslanlı, kinorejissor və prodüser Fariz Əhmədov, eləcə də teatr və kino aktrisası Zülfiyyə Qurbanova filmin dramaturji strukturu, ssenari həlləri, obrazların qurulması, ailə və fərd arasındakı konflikt və müasir kinoda sosial-siyasi reallıqların bədii əksi mövzularında öz peşəkar fikirlərini bölüşüblər.
İnteraktiv müzakirə formatında davam edən görüşdə kino ictimaiyyətinin nümayəndələri, gənc ssenaristlər və kino həvəskarları yaxından iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “25-ci kadr” platforması çərçivəsində film müzakirələri mütəmadi olaraq təşkil olunacaq.