Qlobal iqtisadi və geosiyasi proseslər fonunda enerji resurslarına çıxış, alternativ nəqliyyat marşrutlarının formalaşdırılması və təchizat zəncirlərinin təhlükəsizliyi dövlətlərin strateji prioritetinə çevrilib. Bu reallıqda Avropanın Azərbaycanla əməkdaşlığa marağı daha da artır. Xəzər hövzəsinin enerji resursları, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və ölkəmizin əlverişli coğrafi mövqeyi Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini gücləndirən əsas amillərdir.

 

Avropanın Azərbaycanla enerji əməkdaşlığının əsas istiqamətlərindən biri təbii qaz təchizatıdır. Xüsusilə Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələrinin enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək siyasəti Azərbaycanın rolunu daha da aktuallaşdırıb.

Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas infrastruktur dayağıdır. Xəzər hövzəsindən başlayan və Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya üzərindən İtaliyaya qədər uzanan bu marşrut Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycan Avropa İttifaqının üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bu, 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. 2026-cı ilin yanvarından isə Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına başlanılıb.

Lakin əməkdaşlıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycanın bərpaolunan enerji potensialı, Xəzər dənizində külək enerjisi imkanları və yaşıl enerji dəhlizlərinin yaradılması Avropa ilə tərəfdaşlığın yeni mərhələsini formalaşdırır. Mövzu ilə bağlı millət vəkili Aydın Hüseynov deyir:

"Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır. Azərbaycan həm ənənəvi enerji ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də gələcəkdə bərpaolunan yaşıl enerjinin əhəmiyyətli ixracatçısına çevriləcək. Digər tərəfdən isə Azərbaycan əhəmiyyətli bir coğrafi mövqeyə malikdir. Şərqlə Qərb arasında, Şimalla Cənub arasında Azərbaycanın coğrafi mövqeyi böyük iqtisadi mahiyyət daşıyır."

Azərbaycanın artan geoiqtisadi əhəmiyyətini müəyyən edən digər mühüm istiqamət nəqliyyat və tranzit potensialıdır. Şərq ilə Qərb arasında yükdaşımaların alternativ marşrutlarla həyata keçirilməsinə ehtiyac Orta Dəhlizin əhəmiyyətini artırır. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Bütün bu proseslər göstərir ki, Azərbaycanın strateji əhəmiyyəti artıq yalnız malik olduğu enerji resursları ilə ölçülmür. Ölkəmiz enerji, nəqliyyat, logistika və yaşıl enerji sahələrində regional əməkdaşlığın mühüm iştirakçısına çevrilir.