Qazaxıstan paytaxtında qırğız ədəbiyyatşünası və akademik Abdıldajan Akmataliyevin anadan olmasının 70 illiyi münasibətilə “Çingiz Aytmatov və türk xalqlarının ədəbi əlaqələri” adlı beynəlxalq konfrans keçirilib.
Tədbir Qırğız Respublikası Prezidenti yanında Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu ilə birgə təşkil olunub.
Qazaxıstan və Qırğızıstandan olan alimlər, yazıçılar və ədəbiyyatşünaslar Çingiz Aytmatovun əsərlərinin, türk xalqlarının ədəbi irsinin əhəmiyyətini, qazax-qırğız ədiblərinin əməkdaşlığının inkişafını və türk ölkələri arasında mədəni qarşılıqlı əlaqənin gücləndirilməsində ədəbiyyatın rolunu müzakirə ediblər.
Konfransda Qazaxıstan Prezidentinin müşaviri Bauyrjan Omarov, Qurultayın deputatı Janarbek Aşimjan, Qırğız Respublikasının Xalq yazıçısı Kayrat İmanaliyev, Qırğızıstanın Qazaxıstandakı səfirliyinin diplomatları, həmçinin hər iki ölkənin tədqiqatçıları və ziyalılar iştirak ediblər.
Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev Akademiyanın prezidenti Şahin Mustafayevin salamlarını iştirakçılara çatdırıb. Bauyrjan Omarov isə Qazaxıstanın vitse-prezidenti Erlan Karinin Abdıldajan Akmataliyevə təbrik məktubunun mətnini oxuyub.
Konfransda akademik Abdıldajan Akmataliyevin Türk Akademiyasına bağışladığı kitabların sərgisi də təşkil edilib. Mədəni proqramda Aziz Biymırza uulu “Manas” dastanından fraqmentləri təqdim edib.