Noyabrın 16-da Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Brüssel şəhərində regionlararası təhlükəsizlik və bağlantılar mövzusuna həsr olunmuş ikinci nazirlər toplantısı keçirilib.

 

Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkəmizi toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İki sessiyadan ibarət nazirlər toplantısının birinci sessiyasında Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ikinci sessiyasında isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Hər iki sessiyada çıxış edən nazir müavini Samir Şərifov Azərbaycan ilə Avropa İttifaqı arasında son dövrlərdə müşahidə olunan müsbət dinamikanın əhəmiyyətini qeyd edib.

Avropa və Mərkəzi Asiya arasında enerji, nəqliyyat və rəqəmsal bağlantılar baxımından müstəsna rola malik Azərbaycanın təşəbbüsü ilə indiyədək həyata keçirilmiş infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına əhəmiyyətli töhfə verdiyi vurğulanıb. Bu sahələrdə konkret layihələrin həyata keçirilməsi istiqamətində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsinə Azərbaycanın qətiyyətli olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, Azərbaycanın öncül rolu ilə davam etdirilən sülh və normallaşma prosesinin regionda sülh, sabitlik və əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, bu proses geniş Qara dəniz regionunda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir, həmçinin regionlararası bağlantı layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.