Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun Azərbaycana səfəri Bakı ilə Berlin arasında münasibətlərin inkişafında yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin Almaniyanın xarici işlər nazirini qəbul etməsi iki ölkə arasında münasibətlərin yüksək siyasi səviyyədə davam etdirilməsinə verilən önəmin növbəti təsdiqidir.
Xatırladaq ki, iyul ayında imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi çərçivə formalaşdırıb. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair sənəd isə bu tərəfdaşlığın iqtisadi müstəvidə konkret mexanizmlərlə möhkəmləndirilməsinə xidmət edir. Beləliklə, tərəflər əməkdaşlığı yalnız siyasi dialoqla məhdudlaşdırmır, onu biznes, investisiya və sənaye əlaqələri ilə də zənginləşdirirlər.
Münasibətlərin diqqətçəkən istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Azərbaycanın bu ildən Almaniyaya təbii qaz ixracına başlaması ikitərəfli əlaqələrə yeni məzmun gətirir. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu getdikcə artır. Xüsusilə enerji təchizatının etibarlılığı, alternativ enerji mənbələrinin inkişafı və yaşıl enerji layihələri Bakı ilə Berlin arasında əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Bu, Azərbaycanın Avropanın enerji xəritəsindəki mövqeyini möhkəmləndirməklə yanaşı, Almaniya üçün də yeni əməkdaşlıq imkanları yaradır.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz üzərindən artan yükdaşımalar, Azərbaycanın Şərq-Qərb nəqliyyat bağlantılarında strateji mövqeyi Almaniyanın regiona iqtisadi marağını gücləndirən amillərdəndir. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, alternativ nəqliyyat marşrutlarının əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Almaniya üçün də bu marşrutun inkişafı iqtisadi və geosiyasi baxımdan əhəmiyyətlidir.
Bütün bunlar göstərir ki, Almaniyanın xarici işlər nazirinin Bakıya səfəri ikitərəfli münasibətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və nəqliyyat bağlantıları Azərbaycan–Almaniya münasibətlərini daha geniş regional və beynəlxalq kontekstə çıxarır.