Azərbaycan son illər Cənubi Qafqazda və daha geniş coğrafiyada siyasi, iqtisadi və geostrateji mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün ölkəmiz yalnız regionun mühüm dövlətlərindən biri deyil, həm də regional proseslərin istiqamətinə təsir göstərən, təşəbbüsləri ilə beynəlxalq gündəliyin formalaşmasında iştirak edən aktor kimi çıxış edir. Azərbaycanın regional liderlik mövqeyi təsadüfi deyil. Bu status uzun illər ərzində həyata keçirilən məqsədyönlü xarici siyasətin, iqtisadi inkişafın, hərbi gücün və müstəqil siyasi qərarvermə qabiliyyətinin nəticəsidir.
Azərbaycanın regional liderliyinin mühüm dayağı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və 2023-cü ildə suverenliyinin tam bərpasıdır. Bu hadisələr Cənubi Qafqazda mövcud siyasi reallıqları dəyişdirməklə yanaşı, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaradıb. Hazırda Azərbaycan postmünaqişə dövrünün əsas siyasi təşəbbüslərindən biri kimi davamlı sülhün təmin olunmasını və regional kommunikasiyaların açılmasını gündəmə gətirir. Bu yanaşma regionun qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi inteqrasiya platformasına çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizin liderliyini şərtləndirən əsas amillərdən biri enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm roldur. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji layihələr ölkəmizin beynəlxalq enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirib.
Digər mühüm istiqamət Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı, Xəzər dənizində liman infrastrukturunun genişləndirilməsi və dəmir yolu şəbəkəsinin modernləşdirilməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.
Bununla yanaşı, Azərbaycanın xarici siyasətində çoxşaxəli əməkdaşlıq və balanslaşdırılmış diplomatiya mühüm yer tutur. Azərbaycan müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edərək milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bu isə ölkəmizə regional və qlobal proseslərdə daha fəal iştirak etmək imkanı verir.