Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya istiqaməti getdikcə daha böyük əhəmiyyət qazanır. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnama rəsmi səfəri də bu baxımdan mühüm siyasi hadisədir. Səfər iki ölkə arasında mövcud münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənub-Şərqi Asiya bu gün dünya iqtisadiyyatının ən dinamik inkişaf edən regionlarından biridir. Sürətlə böyüyən bazarlar, sənaye potensialı, enerji resurslarına artan tələbat və əlverişli nəqliyyat-logistika imkanları regionu qlobal iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevirir. Bu baxımdan ASEAN ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı millət vəkili Rasim Musabəyovu dinləyək:
“Vyetnam çox inkişaf etmiş bir dövlətdir. Vyetnamın indi əhalisi 100 milyona çatır, iqtisadiyyatı isə çox böyük sürətlə irəli gedir. Ona görə Azərbaycan Vyetnamda səfirliyini də açıb və biz Vyetnamla münasibətlərin dərinləşməsində maraqlıyıq. Əsas partnyorlarımız indiyədək Çin, Cənubi Koreya və müəyyən mənada Yaponiya idisə, indi sürətlə o partnyorların sıralarına Vyetnam da daxil olur”.
Vyetnamla münasibətlər isə möhkəm tarixi təmələ əsaslanır. İki ölkə arasında əlaqələrin tarixi 70 ilə yaxındır. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Heydər Əliyevin Vyetnamda olması qarşılıqlı dostluğun formalaşmasında mühüm rol oynayıb. Müstəqillik dövründə bu münasibətlər yeni məzmun qazanıb.
Prezident İlham Əliyevin səfər öncəsi Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı, iqtisadi əməkdaşlığın mövcud potensialın heç də hamısını əks etdirmədiyini qeyd edib. 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi müsbət göstərici olsa da, bu rəqəmin daha da artırılması üçün geniş imkanlar mövcuddur.
Xüsusilə enerji sahəsində əməkdaşlıq perspektivləri diqqət çəkir. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığa zəmin yaradır.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit mərkəzi kimi mövqeyi Vyetnamla əməkdaşlıq üçün yeni imkanlar açır. Müsahibədə qeyd olunan məlumatlara əsasən, 2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb.
Bütün bunlarla yanaşı, Azərbaycanın Cənub-Şərqi Asiya siyasəti yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Humanitar, mədəni və təhsil əlaqələrinin inkişafı da münasibətlərin mühüm tərkib hissəsidir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, təhsil sahəsində əməkdaşlıq və mədəni tədbirlər iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın xarici siyasət coğrafiyasının genişlənməsinin, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasının və Asiya istiqamətində strateji maraqlarının güclənməsinin növbəti nümunəsidir.