Almaniyanın Ştutqart şəhərində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor, “Şərəf” və “Şöhrət” ordenləri laureatı Musa Mirzəyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

 

Tədbirdə Ştutqart Azərbaycan Evinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, bəstəkar və musiqişünas Günay Mirzayeva çıxış edərək, Musa Mirzəyevin Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən, onun zəngin yaradıcılıq irsinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətindən danışıb. O, rəhbərlik etdiyi qurumun Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycan mədəniyyətinin, dilinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətdən söz açıb. Azərbaycan diasporuna göstərilən dəstəyə görə Komitəyə təşəkkürünü bildirən G.Mirzayeva Azərbaycan, İtaliya və Almaniya arasında mədəni əlaqələrin genişləndirilməsində bu cür layihələrin rolunu vurğulayıb.

Konsertin keçirildiyi “Haus der Musik im Fruchtkasten” məkanının direktoru Miriam Hertfeldt tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib, belə layihələrin mədəni dialoqun inkişafına töhfəsini vurğulayıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi, “Von Mai Foundatıon” və Ştutqart Azərbaycan Evinin təşkilatçılığı, İtaliyanın “Umberto Giordano” Musiqi Konservatoriyası ilə əməkdaşlıq çərçivəsində reallaşan konsertdə “Apulia Brass Ensemble” ansamblı Nikola Maraskonun dirijorluğu ilə çıxış edib.

Tədbirdə Türkiyənin Ştutqartdakı konsulu Gülay Eroğlu Erdoğdu, Xorvatiyanın vitse-konsulu Martina Bertiç Ronçeviç, İtaliya konsulluğunun nümayəndələri, müxtəlif ölkələrin ictimaiyyət və mədəniyyət xadimləri, eləcə də Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Musa Mirzəyevin yaradıcılığına həsr olunan konsert Azərbaycan musiqi irsinin Avropada təbliği, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında mədəni dialoqun inkişafı baxımından əhəmiyyət daşıyıb.