Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş “Mərkəzi Asiya və Azərbaycanın qitələrarası beynəlxalq nəqliyyat marşrutlarının gələcək imkanları” mövzusunda keçirilən konfransda çıxış edib.

 

Səfirlikdən bildirilib ki, Q.Gözəlov çıxışında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarını birləşdirən ortaq tarixi köklərə, etnik və mədəni bağlara, eləcə də əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub. O, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.

Regional əməkdaşlıq platformalarından danışan səfir Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıqda iştirak etdiyini bildirib. O, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasının regional əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda Azərbaycanın 2027-ci ildə sözügedən formata sədrliyinin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, eləcə də nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Səfir Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma gücünün genişləndirilməsi istiqamətində işlərin aparıldığını, Ələt limanı ərazisində inşa olunan hava limanının 2027-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

Nəqliyyat-logistika sahəsində regional əməkdaşlığın iqtisadi inkişaf üçün artan əhəmiyyətini qeyd edən səfir Orta Dəhliz çərçivəsində Azərbaycan, Türkmənistan və Qazaxıstanın dəniz limanlarının mühüm roluna diqqət çəkib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımaların genişləndirilməsinin regionun tranzit potensialının artırılmasına töhfə verdiyini diqqətə çatdırıb. Diplomat, həmçinin Türkmənistan və Qazaxıstanın enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılmasında Azərbaycanın tranzit tərəfdaşı kimi roluna toxunub.

Eyni zamanda, Q.Gözəlov regionun tranzit potensialının genişləndirilməsində Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu, Çin-Mərkəzi Asiya-Xəzər multimodal nəqliyyat, “Xəzər dənizi–Qara dəniz” beynəlxalq nəqliyyat və Lapis-Lazuli tranzit marşrutları, eləcə də TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb. Bu marşrutların Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsinə, Mərkəzi Asiya ölkələrinin isə Azərbaycan vasitəsilə Qərb bazarlarına çıxış imkanlarının genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Q.Gözəlov region ölkələrinin mövcud tranzit potensialından birgə istifadəsinin, nəqliyyat infrastrukturunun inkişafının və müasir logistika həllərinin tətbiqinin iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı iqtisadi maraqların təmin olunması və regionun davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.