Azərbaycan İtaliyanın paytaxtı Romada ənənəvi olaraq keçirilən “Muzeylərdə musiqi” təşəbbüsünün 16-cı buraxılışında konsert proqramı ilə iştirak edib.

 

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın İtaliyadakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Romanın Kapitolini Muzeyində “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı fortepiano konserti təşkil edilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul diplomatı Nigar Qurbanova Ramazanlı səfirlik adından Roma Bələdiyyəsinə və “Zètema Progetto Cultura” təşkilatına bu gözəl fürsətə görə təşəkkürünü bildirib.

Azərbaycanın artıq dörd ildən çoxdur ki, bu təşəbbüsdə qürurla iştirak etdiyini vurğulayan N.Qurbanova Ramazanlı ölkəmizin zəngin mədəni irsini və milli musiqi ənənələrini beynəlxalq auditoriya ilə bölüşmək imkanından məmnunluğunu ifadə edib.

Konsert proqramında istedadlı azərbaycanlı pianoçu Nərgiz Əliyarovanın ifasında Qara Qarayev, Frederik Şopen, Faiq Sücəddinov, Sergey Raxmaninov, Firəngiz Əlizadə və Fikrət Əmirovun əsərləri, eləcə də Azərbaycanın sevilən xalq mahnısı “Sarı gəlin” səsləndirilib.

Qeyd edək ki, bu il 16-cı dəfə təşkil olunan “Muzeylərdə musiqi” təşəbbüsü çərçivəsində 42 mindən çox ziyarətçi iştirak edib. Azərbaycanla yanaşı, Argentina, Bosniya və Herseqovina, Çexiya və Hindistan səfirlikləri də bu beynəlxalq mədəniyyət təşəbbüsünə qoşulublar.