Paris Ərəb Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Dini amil kontekstində bərabərlik prinsipinin sınağı: müqayisəli kontekstlərdə hüquqi və siyasi konfiqurasiyalar” mövzusunda hibrid formatda konfrans keçirilib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək ölkəmizin tolerantlıq, dünyəvilik və multikulturalizm təcrübəsindən, həmçinin müxtəlif dini və etnik icmaların dinc yanaşı yaşamasını təmin edən Azərbaycan modelinin özünəməxsus xüsusiyyətlərindən danışıb. Səfir Azərbaycanın tarixi təcrübəsinin müxtəlif dinlər və mədəniyyətlər arasında dinc birgəyaşayışın təşviqi baxımından mühüm nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, məscidlərin, kilsələrin və sinaqoqların ölkənin mədəni irsinin ayrılmaz hissəsi olması Azərbaycanda dini müxtəlifliyin cəmiyyətin kimliyində mühüm yer tutduğunu göstərir.
Müasir dünyada dini və mədəni fərqlərin bəzən ayrı-seçkilik və qarşıdurma vasitəsinə çevrildiyini bildirən Leyla Abdullayeva XXI əsrin başqasından qorxmaq deyil, onu tanımaq və anlamaq əsri olduğunu vurğulayıb. O qeyd edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” və bu təşəbbüs çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin siyasi, dini və mədəniyyət nümayəndələrini bir araya gətirərək, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan əhalisinin təxminən 96 faizinin müsəlman olmasına baxmayaraq, ölkənin dünyəvi dövlət prinsiplərinə əsaslandığını bildirən diplomat qadın hüquqları sahəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərə də diqqət çəkib. O, Sovet dövründə dinin ictimai həyatda məhdudlaşdırılmasına baxmayaraq, Azərbaycan xalqının dini ənənələrini ailə daxilində qoruyub saxladığını vurğulayıb. Səfir ölkəmizdə əsrlər boyu mövcud olan yəhudi icmalarını, müxtəlif dinlərə məxsus ibadət yerlərinin yanaşı yerləşməsini, həmçinin şiə və sünni müsəlmanların eyni məsciddə birlikdə ibadət etməsini Azərbaycanda formalaşmış tolerantlıq ənənəsinin bariz nümunələri kimi qeyd edib.
Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycanın təcrübəsi milli kimliyi qorumaqla yanaşı, dünyaya açıq olmağın və fərqliliklərə hörmətlə yanaşmağın mümkünlüyünü nümayiş etdirir. O vurğulayıb ki, heç bir ölkənin təcrübəsini olduğu kimi digər dövlətlərə tətbiq etmək mümkün deyil. Bununla belə, hər bir xalqın tarixi təcrübəsi beynəlxalq səviyyədə öyrənilə və digər ölkələr üçün ilham mənbəyinə çevrilə bilər.
Çıxışının sonunda diplomat müasir dünyada müxtəlifliyin təhdid kimi deyil, ümumi inkişaf və zənginlik mənbəyi kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın bu istiqamətdə beynəlxalq səylərə töhfə verməyə hazır olduğunu bildirib.
Çıxışlardan sonra keçirilən müzakirələr zamanı iştirakçılar Azərbaycanın tolerantlıq və dünyəvilik təcrübəsinə xüsusi maraq göstərərək, ölkəmizin birgəyaşayış modelinin xüsusiyyətləri ilə daha yaxından tanış olmaq istəyiblər. Bu məqsədlə müxtəlif suallar ünvanlanıb. Müzakirələrdə çıxış edənlər Azərbaycanın dini və mədəni müxtəlifliyin qorunması sahəsində özünəməxsus təcrübəyə malik olduğunu vurğulayaraq, bu modelin digər ölkələr tərəfindən də öyrənilməsinin əhəmiyyətini qeyd ediblər.
Parisdə keçirilən konfrans Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin beynəlxalq müstəvidə təqdim edilməsi, eləcə də ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələrin diqqətə çatdırılması baxımından mühüm platforma rolunu oynayıb.