“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas məqsəd və prioritetlərinə uyğun olaraq, Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, “Meta Experimental Theatre Performance” studiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2027-ci il martın 10-dan 17-dək “3-cü Uşaq Teatr Festivalı” keçiriləcək.

 

Azərbaycan İncəsənət Məktəbindən bildirilib ki, festivalın əsas məqsədi uşaqların səhnə sənətinə marağını artırmaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, aktyorluq bacarıqlarını nümayiş etdirmələri üçün onlara imkanlar yaratmaq və uşaq teatrının inkişafına töhfə verməkdir.

Festivalda 6–14 yaşlı uşaqlardan ibarət teatr kollektivləri iştirak edə bilərlər. İştirakçılar bədii, kukla və inklüziv tamaşalarla yanaşı, sərbəst mövzuda hazırladıqları səhnə əsərlərini də təqdim edə biləcəklər. Festivalın proqramına Azərbaycan və xarici müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalar, eləcə də kollektivlərin öz yaradıcılıq məhsulu olan orijinal səhnə əsərləri daxildir.

Təqdim olunan tamaşaların müddəti 30–40 dəqiqə olmalıdır. Hər bir kollektivin səhnə heyəti 4, 6, 8 və ya 10 nəfərdən ibarət olmalıdır. Tamaşalar canlı ifa ilə təqdim edilməli, bütövlükdə əvvəlcədən yazılmış fonoqramdan istifadəyə yol verilməməlidir.

Festival çərçivəsində inklüziv teatr nümunələrinə də xüsusi diqqət yetiriləcək. Müxtəlif inkişaf xüsusiyyətlərinə və fərdi ehtiyaclara malik uşaqların səhnə fəaliyyətinə cəlb edilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması və bədii ifadə imkanlarının genişləndirilməsi layihənin əsas istiqamətlərindəndir.

Layihənin rəhbəri Dağlar Yusif, ideya müəllifi isə Tural Əliyevdir.