Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə Bern şəhərində yerləşən “Yehudi Menuhin Forum Bern” konsert salonunda “Payızın son səsləri” adlı klassik musiqi konserti keçirilib.

 

Tədbirdə çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov səfirliyin təşkil etdiyi mədəni tədbirlərin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu vurğulayıb. O, musiqinin dilindən, milliyyətindən və mədəni mənsubiyyətindən asılı olmayaraq insanları birləşdirən universal ünsiyyət vasitəsi olduğunu qeyd edib.

Konsertdə Avropa səhnələrində uğurla çıxış edən gənc azərbaycanlı ifaçılar - pianoçu Nərmin Nəcəfli və skripkaçı Əzizə Salahova tamaşaçılara zəngin musiqi proqramı təqdim ediblər.

Hannover Musiqi, Teatr və Media Universitetində təhsil almış Nərmin Nəcəfli hazırda həmin ali təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərir. O, eyni zamanda, 11 ölkəni əhatə edən, 29 konsertdən ibarət “Rammstein Symphonic Experience” beynəlxalq musiqi turnesinin iştirakçısıdır. Belçikanın Mons Kral Konservatoriyasının məzunu Əzizə Salahova isə Brüsseldə müəllimlik fəaliyyəti ilə yanaşı, solist və kamera musiqisi ifaçısı kimi Avropanın müxtəlif ölkələrində konsertlər verir.

Konsert proqramında Azərbaycan klassik və caz musiqisinin seçilən nümunələri ilə yanaşı, görkəmli bəstəkarların əsərləri də səsləndirilib. Qara Qarayevin “Yeddi gözəl” baletindən vals və Ayişənin rəqsi, Fikrət Əmirovun “Sevgi rəqsi” və “Muğam-poema” əsərləri, Adil Bəbirovun prelüd-skertsosu, Vaqif Mustafazadənin “Düşüncə” və “Bayatı-Şiraz” kompozisiyaları musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Pyotr Çaykovski, Frederik Şopen, Edvard Elqar, Jül Massne, Con Uilliams, Vittorio Monti, Astor Piazzolla və Karlos Qardelin əsərləri də konsertin repertuarını zənginləşdirib.

Konsertdə İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.