Bakıda beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzinə həsr olunan “ExpoSport Azerbaijan 2026” sərgisi açılıb.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən sərgi iki gün davam edəcək.
Tədbirdə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir. Sərginin əsas məqsədi idman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də sağlam və aktiv həyat tərzinin təşviqidir.
İki gün ərzində ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.
Sərginin birinci günündə rəsmi sərgi turu, milli rəqs və pəhləvanların çıxışları, idman səfiri Vəfa Musayeva ilə görüş, İlqar Şamilovun təqdimatında “İdmançı boşqabı” sessiyası, eləcə də avtoqraf sessiyası nəzərdə tutulub.
İkinci gündə isə ziyarətçiləri pilatesin faydaları, kapoeyra şousu, aykido nümayişi, idman rəqsi, aerobika, “F1 marşalı olmaq” mövzusunda təqdimat və avtoqraf sessiyası gözləyir.
Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi noyabrın 28-dək davam edəcək.