Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş olunacaq.
1940-cı ildə ilk dəfə səhnəyə qoyulan və Azərbaycanın ilk milli baleti olan “Qız qalası” əsəri yeni musiqi və səhnə redaksiyasında tamaşaçılara təqdim ediləcək.
“PAŞA Bank” ilə teatr arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən layihənin məqsədi əsərin tarixi və bədii ruhunu qoruyaraq, onu müasir səhnədə yeni tamaşaçı nəsli ilə görüşdürməkdir.
Baletin süjetində nakam məhəbbət və sədaqət mövzusu əsas yer tutur. Əsər Xəzər sahilində yaşayan Gülyanaq və Poladın sevgisindən bəhs edir. Toy mərasimi zamanı Cahangir xan Gülyanağın gözəlliyinə heyran qalaraq onu sarayına aparır və Poladın edam olunmasını əmr edir. Sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xana onun üçün dəniz sahilində qala tikdirməyi şərt qoyur.
Sarayda kədər içində yaşayan Gülyanaq xəyallarında Poladla qovuşur. Qala tikildikdən sonra keçirilən toy mərasimində huşunu itirir. Polad sevgilisini xilas etmək üçün qalaya gəlsə də, Gülyanaq gələnin xan olduğunu düşünərək özünü dənizə atır. Beləliklə, Qız qalası nakam məhəbbətin və sevgiyə sədaqətin rəmzinə çevrilir.
Baletin musiqisinin və librettonun müəllifi Əfrasiyab Bədəlbəylidir. Yeni musiqi redaktəsinin müəllifi SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylidir. Aranjeman Əməkdar incəsənət xadimi Musa Mirzəyevə məxsusdur.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeysteri SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadədir. Quruluşun yeni redaksiyasını Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə hazırlayıb.
Quruluşçu rəssamlar Əməkdar incəsənət xadimi Əyyub Fətəliyev və Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Geyim üzrə rəssam isə Mustafa Mustafayevdir.
Baletmeyster-repetitorlar Xalq artistləri Mədinə Əliyeva və Gülağası Mirzəyev, Əməkdar artistlər Yuriy Lobaçev və Cəmilə Kərimovadır. Tamaşanı Əməkdar artist Yuriy Lobaçev idarə edəcək. Konsertmeyster Züleyxa Usubovadır.