Türkiyənin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə ədəbiyyat sahəsində daxil edilən ilk və yeganə şəhəri olan Kahramanmaraşda 16 ölkədən şair, yazıçı və fikir adamları bir araya gəlib.
Bununla bağlı şəhərdə keçirilən VI Beynəlxalq Şeir və Ədəbiyyat Günləri çərçivəsində VI Beynəlxalq Ədəbiyyat Mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Tədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, “Ədəbiyyat sağaldır” mövzusunda təşkil edilən 34 müxtəlif tədbirdə 16 ölkədən ədib və mütəfəkkirlər iştirak ediblər.
Mehmet Nuri Ersoy çıxışında ədəbiyyatın xalqların tarixi yaddaşının, dilinin və mədəni kimliyinin qorunmasındakı roluna diqqət çəkib. O, türk ədəbiyyatının Oğuz Kağan dastanından Dədə Qorquda, Yunus Əmrədən Füzuliyə, müasir dövrün tanınmış şair və yazıçılarına qədər uzanan zəngin irsə malik olduğunu vurğulayıb.
O, Kahramanmaraşın 2025-ci ildə ədəbiyyat sahəsi üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin şəhərin beynəlxalq mədəni əlaqələrinin inkişafı, yeni əməkdaşlıqların qurulması və tanıdılması baxımından mühüm imkanlar yaratdığını qeyd edib.
Nazir, həmçinin Türkiyənin zəngin ədəbi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Əlyazmaların bərpası, nəşri və rəqəmsallaşdırılması, eləcə də ədəbiyyat əsərlərinin dəstəklənməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Tədbir çərçivəsində doqquz nominasiya üzrə ədəbiyyat mükafatları təqdim olunub.