Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə noyabrın 27-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib.
Dekabrın 11-dək davam edəcək yarmarkanın əsas məqsədi yerli arıçıların istehsal etdikləri keyfiyyətli balın və arıçılıq məhsullarının istehlakçılara birbaşa təqdim olunmasını təmin etmək, daxili bazarda yerli məhsulların payını artırmaq və bu sahədə sahibkarları dəstəkləməkdir. Budəfəki yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin 100 tondan çox məhsulu satışa təqdim olunur. İstehlakçılar ölkənin müxtəlif bölgələrindən gətirilmiş müxtəlif növ təbii balı, arı südünü, mumu, propolisi, gül tozunu və digər arıçılıq məhsullarını birbaşa arıçılardan almaq imkanı əldə edirlər.
“Gəlsinlər, bu keyfiyyətli ballardan alsınlar”
Satıcı Vaqif Mahmudov bal yarmarkasında dəfələrlə iştirak etdiyini deyib: "Yarmarkaya 300 kiloqram bal gətirmişəm. Laçının təbii balıdır. Şanı balı, çiçək balı da satıram. Çiçək tozu, arı çörəyi, arı südü də gətirmişəm. Balın keyfiyyətinə söz ola bilməz. Ona görə də hər dəfə birinci satıb qurtarmışam. Bütün alıcıları dəvət edirəm, gəlsinlər, bu keyfiyyətli ballardan alsınlar".
Bal təsərrüfatının Bərdədə yerləşdiyini deyən satıcı Səkinə Məmmədova yarmarkaya gətirdiyi balın Kəlbəcər çiçəklərindən toplandığını diqqətə çatdırıb: "350 kiloqram bal gətirmişik. Təşəkkürümüzü bildiririk ki, bizim kimi sahibkarları nəzərə alıb, bu yarmarkanı təşkil ediblər. İkinci ildir iştirak edirik. Keçən il 400 kiloqram bal gətirmişdim. Demək olar ki, ondan bir kiloqram da qalmadı. Yəqin ki, bu il də satış yaxşı olacaq".
Satıcı Taleh Məmmədov yarmarkada Göyçay rayonundan gətirdiyi 400 kiloqram süzmə bal və 30 ədəd çərçivə balı ilə iştirak edir: "Süzmə bal 30, çərçivə balı 50 manatadır. Daimi müştərilərim var. Onlar gəlib alırlar. Yarmarkanın təşkil olunduğu yer çox yaxşıdır, səliqəlidir. Lazım olan banka və paketlə təmin olunmuşuq".
“Qiymətlər və keyfiyyət bizi qane edir”
Alıcı Tağı Əhmədzadə illərdir bal yarmarkasına gəldiyini diqqətə çatdırıb:"Bu il də ənənəvi olaraq yarmarkadan bal almağa gəlmişəm. Lənkəran balı aldım, kiloqramını 30 manatdan razılaşdıq. Qiymətlər və keyfiyyət bizi qane edir".
Digər alıcı Rauf Əkbərbəyov da yarmarkada təqdim olunan balın qiymətinin qənaətbəxş olduğunu söyləyib:"Həmişə yarmarkaya ilk gündə gəlirəm. Burada hər qiymətə - 40 manata, 35 manata və s. qiymətə bal var. Mən balın 1 kiloqramını 25 manata aldım. Qiymətlər sərfəlidir".
Alıcı Kəmalə Qəmbərova ilk dəfədir yarmarkaya gələnlərdəndir. "Qış mövsümü gəlir, xəstəliklər artır. Təbii dərman vasitəsi kimi baldan istifadə edirik”, - deyə o vurğulayıb.
“Keyfiyyətlə bağlı şübhə olarsa, yoxlatdırmaq mümkündür”
"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, bal yarmarkalarında işğaldan azad edilmiş ərazilərdən olan fermerlərin iştirakı artıq ənənəyə çevrilib: "İşğaldan azad edilmiş ərazilərdən olan 15-ə yaxın arıçı fermer keçən il yarmarkada iştirak edərək, məhsullarını satışa çıxarıb. Bu il isə bu say daha da artıb. Təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim edilib".
Elgün Məmmədəlizadə vurğulayıb ki, məhsullar satışa təqdim olunmamışdan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quraşdırılmış laboratoriyada yoxlanılıb. O, həmçinin diqqətə çatdırıb ki, hər hansı bir alıcının məhsulların keyfiyyəti ilə bağlı sualı, şübhəsi olarsa, onu yarmarkanın çıxışındakı səyyar laboratoriyada yoxlatdıra bilər.
O vurğulayıb ki, satışa təqdim olunmuş bütün məhsulların qablaşdırılması və brendləşməsi qurum tərəfindən həyata keçirilir:"Bu il də qablaşdırma və brendləşdirmə eyni qaydada həyata keçirilib. Biz, xüsusilə arıçılıq sahəsində məhsulların brendləşməsinə önəm veririk. Bu il yarmarkada iştirak edən 270 fermerdən 25-nin məhsulları brendləşib. Biz növbəti illərdə də bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlər görəcəyik ki, artıq arıçılıq məhsulları köhnə ənənəvi qaydada deyil, daha çox brendləşmiş şəkildə olsun. Bu, balın satış kanallarına çıxarılmasına, yerli marketlər şəbəkəsində satışına dəstək olar".