Ötən ilin avqust ayında Vaşinqtonda keçirilən tarixi sammit Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir
Ötən ilin avqust ayında Vaşinqtonda keçirilən tarixi sammit Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sammit çərçivəsində qəbul edilən sənədlər və səsləndirilən bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərində illərdir davam edən qarşıdurmadan sülh və əməkdaşlığa keçid üçün mühüm siyasi zəmin formalaşdırıb.
Sonrakı proseslər, Azərbaycanın atdığı addımlar və regionda kommunikasiyaların açılması istiqamətində aparılan işlər bu yanaşmanın yalnız bəyanatla məhdudlaşmadığını göstərdi.
Xarici işlər naziri Ceyhun Bayramov ötən gün jurnalistlərə verdiyi müsahibəsində sülh prosesinə toxunaraq deyib:
“Tarixi Vaşinqton sammiti, orada qəbul edilən çox önəmli tarixi sənədlər, qərarlar, verilən mesajlar və Tarixi Vaşinqton sammiti zamanı cənab Prezident ağ evində öz çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan üçün sülh artıq baş verdi. Ondan sonrakı hadisələr də onu göstərdi ki, Azərbaycanın məhz davranışı, bir sıra atdığı bir tərəfli addımlar yəni Ermənistan-Azərbaycan normallaşması prossesində oktaybr ayından başlayaraq burada tranzit yüklərin ermənistana, ermənistandan ölkəmiz üzərinə keçirilməsində məhdudiyyətlərin aradan qaldırılması, daha sonra Azərbaycandan neft məhsullarının ermənistana ixracının başlanması hal- hazırda həmin o nomenklaturanın genişləndirilməsi və bir sıra digər istiqamətlərdə önəmli addımlar atıldı. Ermənistanda referendum keçirilməsi və yeni konstitusiyanın qəbul edilməsi ehtiva olunur. Bunun vaxtı və zamanı təbii ki Ermənistanın daxili prosesidir. Biz o cümlədən ictimai məkanda Ermənistan rəhbərliyi tərəfindən müxtəlif mesajlar eşidirik bu istiqamətdə. Bu ilin əvvəlində Ermənistanda parlament seçkiləri öncəsi belə bir bəyanatlar var idi. Ancaq indi seçkilərdən sonra yenidən Ermənistan baş naziri öz çıxışlarında ilin sonuna kimi konsititusiya layihəsinin mətnini ictimaiyyətə açıqlanması daha sonra referendun keçirilməsi kimi yeni bir mesajlar verdi”.
Nazir, həmçinin ötən il qəbul edilmiş birgə bəyanatda əksini tapan məsələlərin və Ermənistan tərəfinin verdiyi bəyanatların göz qabağında olduğunu qeyd edərək deyib ki, "Sülh sazişi barədə danışıqların müəyyən bir mərhələsində, avqustda bu prosesin başa çatması gözlənilirdi. Lakin gerçək addımların atılması, konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Bütün bunların fonunda bu prosesdə həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözlədiyi mövqeyi eşitdik.
Bununla belə, sülh sazişinin imzalanması üçün Ermənistanın üzərinə düşən bir sıra öhdəliklərin yerinə yetirilməsi vacib olaraq qalır. Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh sazişinin davamlı və hüquqi baxımdan etibarlı olması üçün mühüm şərtdir.
Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində və seçkilərdən sonra səsləndirilən bəyanatlar isə prosesin davam etdirilməsi ilə bağlı müəyyən gözləntilər yaradıb. Ermənistan rəhbərliyinin ilin sonuna qədər konstitusiya prosesinə dair verdiyi mesajlar Azərbaycanın irəli sürdüyü tələblərin icrası baxımından diqqətlə izlənilir.
Ceyhun Bayramovun fikrincə, qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi yeni mərhələyə keçidi mümkün edir. Azərbaycan tərəfinin yanaşması dəyişməz olaraq qalır və sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur.