2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazidən çıxarılması və Azərbaycanın konstitusiya quruluşunun bərpası üçün şərait yarandı.
Bu hadisə 2020-ci ildə əldə olunan Zəfərin məntiqi davamı kimi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təmin etdi. Antiterror tədbirləri nəticəsində Ermənistanın Azərbaycan ərazisində yaratdığı qanunsuz rejimin mövcudluğuna son qoyuldu və Qarabağ üzərində Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.
Sentyabrın 20-də atəşkəsin əldə olunması ilə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, hərbi mövqelərdən çıxarılması və ərazini tərk etməsi şərtləri müəyyənləşdirildi. Ardınca Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan arasında Yevlaxda görüş keçirildi və reinteqrasiya məsələlərinin Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində müzakirəsinə başlanıldı.
Beləliklə, uzun illər regionun təhlükəsizliyinə və inkişafına mane olan separatçı rejim tarixə çevrildi. Mövzu ilə bağlı millət vəkili Elçin Mirzəbəyli deyir:
“Antiterror əməliyyatları qısa müddət ərzində ildırım sürətilə həyata keçirilərək Azərbaycan ərazisindəki qanunsuz hərbi birləşmələrin, eyni zamanda işğalçı qüvvələrin qalıqlarının mövcudluğuna faktiki son qoydu. Bundan sonrakı prosesdə də Azərbaycan yenə də reinteqrasiya cəhdlərində bulundu, ciddi addımlar atdı, baxmayaraq ki, ölkəmizə qarşı ağır müharibə cinayətləri törədilmişdi. Amma yenə də humanitar missiya dövlətimizin siyasətinin ön cərgəsinə çıxdı”.
Lokal xarakterli antiterror tədbirlərindən sonra qarşıda tamamilə fərqli gündəlik formalaşdı: təhlükəsizlik, bərpa, yenidənqurma, məskunlaşma və Böyük Qayıdış. Yollar, yaşayış məntəqələri, sosial obyektlər və yeni infrastruktur yaradılır. Dövlətin rəsmi “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən qurulması prosesi davam edir.
Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi də məhz bu tarixi dönüşün dövlət səviyyəsində əbədiləşdirilməsidir. 2024-cü ildən etibarən həmin tarix Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Qeyd edək ki, Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi regionda yeni siyasi reallıq yaradıb. Artıq gündəmin əsas mövzuları münaqişə deyil, sülh, əməkdaşlıq, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və regionun yeni inkişaf modelidir.